Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Novruz milli bayramımızdır

0

  •              Bayramlar içində bir
    bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun
    illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli
    bayramımızdır. Yurdumuza allı-güllü Novruz gəlir, nə xoş gəlir! Xalqımız
    qərinələr boyu yaşatdığı, hər il bahar gəlib təbiət oyananda sevinclə pişvazına
    çıxdığı əziz bayramını bu sözlərlə qarşılayır. Novruzun gəlişi yurdumuzda əsl
    toy-düyünə çevrilir, el şənlikləri bir-birinin ardınca sıraya düzülür, hər evdə
    mer-meyvəli, göy səmənli xonçalar bəzənilir.          Xalqımızın uca tutduğu
    Novruz bayramının çox qədim tarixi var. O bizə ulu keçmişimizdən - Zərdüştlük
    dövründən yadigar qalıb. Məlumdur ki, xalqımız keçmişdə Zərdüştlük dininə
    sitayiş etmiş, odu müqəddəs sanmışdı. Novruz bayramının bir çox
    adət-ənənələrində də atəşpərəstliyin izləri aydın görünür. Novruz ərəfəsində
    ilaxır çərşənbələrində qalanan bayram tonqalları buna misaldır.         Novruz təzə il deməkdir,
    baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmən gündən
    başlanır. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc
    gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə ürək sevinci, qəlb
    fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq
    gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir,
    bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.         El tonqal başına yığışır,
    küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc
    qızlar, oğlanlar məşəl yandırır tonqal üstündən tullanır, evlərə papaq atır,
    qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və
    müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: "Bayramınız
    mübarək!". Novruz sözünün mənası "bolluq" deməkdir. Novruz bayramı
    halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə
    axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün
    həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və yelə
    həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri
    olduğunu göstərir. İllər uzunu yurdumuzda Novruzla bağlı bir-birindən gözəl
    adət-ənənələr formalaşıb və bu ənənələr nəsildən-nəslə ötürülüb. Novruz bayramı
    zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı
    gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruz adətlərindən
    biri də bayram ərəfəsində ev-eşikdə, həyət-bacada təmizlik işləri görülməsi,
    abadlıq yaradılmasıdır. Elə ki baharın müjdəçisi haçaquyruq qaranquşlar göründü,
    deməli, qar, soyuq arxada qalıb, üzü yazadır, evdə, həyətdə yır-yığış etmek
    vaxtı çatıb. Xalq inanclarına görə, Novruz bayramının süfrəsi də bol olmalıdır.
    Ən kasıb ailədə belə bayram süfrəsi açılmalıdır. Ləziz yeməklər bişirilməli,
    yumurta boyanılmali, süfrəyə yeddi növ çərəz, mer-meyvə düzülməli, ailədəki
    adamların sayına uyğun şamlar yandırılmalıdır.         Novruz tədbirləri bir qayda
    olaraq el şənliklərinə çevrilib. Bu şənliklər çox rəngarəng, yaddaqalan
    keçirilir. Novruzun bir bəzəyi də Kosa və Keçəldir. Onlar şənliklərdə min cür
    məzhəkə çıxarırlar.        Novruz bayramı zamanı olub -
    keçənlər də yad edilir. Vətən uğrunda canını fəda edənlərin uyduğu Şəhidlər
    xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad
    etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və
    insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini
    saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. 

    Bahar gəlir
    bizim azad ellərə,

    Mahnı qonur
    dodaqlara, dillərə

    Parlaq günəş
    meydan açır güllərə,

    Qaranquşu müjdəsidir Novruzum.Novruz bayramı YUNESKO- nun
    qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilib. Azerbaycan
    Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi
    milli dirçəlişimizdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi
    dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana
    sütunu kimi əbədiləşdirmişdir. Ümumilli lider Heydər Əliyev Novruz bayramını
    xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü
    ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının
    Prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Novruz
    bayramını yüksək qiymətləndirir və bu bayramın təntənəli şəkildə keçirilməsinə
    öz tövsiyələrini verirlər. Bir sözlə Novruzla bağlı
    söhbətlər bitib-tükənməzdir. Ən əsası isə odur ki, Novruz gözəllik,
    xeyirxahlıq, ümidlər və arzular bayramıdır. 

     Fərhad Gülməmmədov,

    Xocalı şəhər 2 saylı tam orta məktəbin müəllimi

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Novruz milli bayramımızdır

    Maraqlı gələ bilər
    87
    48
    49